Azərbaycan Respublikası
 

 Azərbaycan Cənubi Qafqazda, Xəzər dənizinin qərb sahilində yerləşən dövlətdir. Qədim tarixə və mədəniyyətə malik Azərbaycan xalqı Böyük Şərq sivilizasiyaları ilə yaxın təmasda formalaşmış və tarixi inkişafı boyu burada Zərdüştlük, Xristianlıq və nəhayət İslam dini yayılmışdır. Qədim dövrlərdən Cənubi Qafqaz və indiki İranın Zaqros yaylasında (İranın şimalında) yaşamış azərbaycanlıların əcdadları bu ərazidə yaranmış qədim Manna, Midiya, Atropatena və Qafqaz Albaniyası dövlətlərinin yaranmasında həlledici rol oynamışlar. Orta əsrlərdən başlayaraq qonşu Bizans imperiyasının təsiri nəticəsində Cənubi Qafqazda yaşayan azərbaycanlıların əcdadlarının bir qismi xristianlığı qəbul edir.Araz çayından cənubda məskunlaşmış Azəri tayfaları Zərdüştlük dininin təsirində qalmışlar. VIII əsrdən başlayaraq bu ərazilərdə yaşayan tayfalar Ərəb xilafatının tərkibində İslam dinini qəbul edir. Böyük İpək yolunda yerləşmiş Azərbaycan orta əsrlərdə Şərqlə Qərbin arasında daima körpü rolunu oynamışdır. Orta əsrlərdə azərbaycanlıların yaşadıqları ərazilərdə bir sıra güclü feodal dövlətlər yaranır, mədəniyyət, elm və sənətkarlıq inkişaf edir. Azərbaycan mədəniyyəti, poeziyası və elmi bəşər mədəniyyətinə bir çox görkəmli şəxsiyyətlər və sənət əsərləri bəxş edir. Azərbaycan sənətkarlığının nadir nümunələrinin bir çoxu bu gün Avropa və Amerika muzeylərində nümayiş etdirilir. XVIII əsrdə Rus – İran müharibələri nəticəsində azərbaycanlıların yaşadıqları ərazilər iki hissəyə bölünərək Rusiya imperiyası ilə İran dövlətlərinin tərkibinə daxil edilirlər. Bunun nəticəsində Azərbaycan xalqı iki hissəyə bölünür. 1918-ci ildə Rusiya imperiyasının dağılması nəticəsində şimalda yaşayan azərbaycanlılar müstəqillik əldə edərək Şərqdə ilk demokratik dövlət yaradırlar. 1920-ci ildə Azərbaycan Demokratik Respublikası Sovet qoşunları tərəfindən işqal olunur. Və nəhayət 1991-ci ildə Qafqazda yaşayan azərbaycanlılar Sovet dövlətinin dağılması nəticəsində müstəqillik əldə edirlər. Azərbaycanın əksər ərazilərində aqrar sənaye – əkinçilik, bağçılıq və heyvandarlıq yayılmışlar. Sənaye istehsalı burada XIX əsrdə, neft sənayesinin yaranmasından sonra, əsasən şəhərlərdə və paytaxt Bakıda inkişaf etmişdir. XX əsrin ortalarından dünyada ilk dəfə olaraq Azərbaycanda neft Xəzər dənizindən hasil olunmağa başlayır. Azərbaycan sənayesinin aparıcı muəssisələri neft-kimya sahəsində ixtisaslaşmışlar. Azərbaycan böyük sənaye dövlətinə çevrilir. Beynəlxalq siyasətdə qonşu dövlətlərlə dinc yaşayan və dövlət sərhədlərinə hörmətlə yanaşan Azərbaycan 1988-ci ildən yeni ərazilər arzusunda olan qonşu Ermənistanın işğalına məruz qalır. Azərbaycanın 25% ərazisi işğal olunaraq bu gün də işğal altında qalır. Ölkədə 1 milyon qaçqın acınacaqlı həyat sürür. Aqressor Ermənistanla müharibə şəraitində olmasına baxmayaraq Azərbaycan müasir Demokratik, sivil dövlət kimi müstəqil siyasət yürüdərək, demokratik dəyərlərə hörmətlə yanaşır. Öz xalqının rifahını Avropa dəyərlərinin bərqərar olması ilə əlaqələndirir. Bir çox beynəlxalq və iqtisadi layihələrdə iştirak edən Azərbaycan regionun güclü və demokratik dəyərlərə hörmətlə yanaşan dövlətinə çevrilib. Əsrlər boyu Beynəlmilər ölkəsi kimi tanınan Azərbaycan günü-gündən inkişaf edir. Vətənimizdə böyük quruculuq işlərində, elmi, mədəniyyət, turizm və idman sahəsində böyük nəaliyyətlərimiz var. Qonaqpərvər ölkəmizin qapıları bütün dostlarımızın üzünə açıqdır. Hər zaman dostluq, qardaşlıq və əməkdaşlıq etməyə hazırıq.