Bizim Əsrdə Karikaturanın Tarixi

Müəllif: Bayram Hacızadə

Qədim tarixə və zəngin ənənələrə malik karikaturanın ilk əlamətlərinə Azərbaycanda XV-XVI əsrlərdə miniatüraçı rəssamlarımızın əsərlərində rast gəlmək olar. Bu sənət növü artıq müstəqil bir janr kimi Azərbaycanda ilk dəfə, təxminən, XIX əsrin sonu, XX əsrin əvvəlində tanınmış, formalaşmış və inkişaf mərhələsinə qədəm qoymuşdur. Şərqdə ilk dəfə olaraq 1906-cı il aprelin 7-də Azərbaycanda «Molla Nəsrəddin» adlı həftəlik satirik jurnal işıq üzü görmüşdür. Jurnalın nəşri Azərbaycan xalqının həyatında mühüm mədəni hadisəyə çevrilmişdir. Jurnalın yaradıcısı, redaktoru və naşiri görkəmli yazıçı Cəlil Məmmədquluzadənin dediyi kimi, Azərbaycan xalqının ictimai və mədəni şüurunun inkişafında mühüm rol oynamış bu jurnalı, həyatın özü yaratmışdır. İctimai ziddiyyətlərlə dolu həyat, həm ədəbiyyatın, həm də təsviri sənətin qarşısında vəzifələr qoymuşdu. Azərbaycan ədəbiyyatında publisistikada böyük bir məktəb yaratmış «Molla Nəsrəddin» jurnalı, eyni zamanda təsviri sənətimizdə də yeni bir məktəbin yaranmasına səbəb oldu. «Molla Nəsrəddin»in təsiri altında Bakıda azərbaycan dilində «Bəhlul»(1907), «Zənbur»(1909-1910), «Mirat»(1910), «Arı»(1910-1911), «Kəlniyyət»(1912-1913), «Lək-lək»(1914), Tuti(1914-1917), «Məzəli»(1914-1915), «Babayi-Əmir»(1915-1916), «Tartan-partan»(1918), «Şeypur»(1918-1919), «Məşəl»(1919-1920) kimi illüstrasiyalı jurnallar, eləcə də rus dilində «Cigit» (1907-1918), «Vay-Vay» (1908), «Bakinskoye Qore» (1908-1909), «Biç» (1909-1915), «Adskaya Poçta» (1909-1910), «Bakinskiye Streli» (1910), «Baraban» (1912-1913) və s. bu kimi jurnallar nəşr olunurdu. Daha uzun ömürlü olan «Molla Nəsrəddin» jurnalı müəyyən fasilələrlə 1931-ci ilə qədər çap olunmuşdur. Bu illər ərzində jurnalda görkəmli rəssamlar Oskar Şmerlinq, İosif Rotter, Əzim Əzimzadə, eləcə də B.Telinqator (Beno), Y.V.Çəmənzəminli, A.Qrinyevski, Xəlil Musayev, Cəbibəyov, V.Giladze, B.Səyid, Q.Xalıqov, İ.Axundov, H.Əliyev, Ə.Hacıyev, K.Dorş, H.Zeynalov və digərləri müxtəlif mövzulu əsərləri ilə çıxış etmişlər. «Molla Nəsrəddin» jurnalının 1921-ci ildə İranda nəşr edilməsi, Yaxın Şərqin sənət aləmində mühüm hadisə kimi qiymətləndirilməlidir. Məhz bu jurnalın təsiri altında qısa zaman ərzində (bu dövrdə jurnalın cəmi 8№-si çapdan çıxmışdır) qabaqcıl nasir və rəssamlar İran, eləcə də Yaxın Şərq mühitində baş verən problemlərə öz münasibətlərini bildirmək üçün imkan əldə etmişlər. Təbrizdə «Molla Nəsrəddin» jurnalının nəşrinə başlanarkən Cəlil Məmmədquluzadə azərbaycanlı rəssam Seyidəli Behzadı jurnala cəlb etmişdir. Cəlil Məmmədquluzadənin birbaşa təsiri və köməyi nəticəsində rəssam Əli Behzad karikatura janrının özünəməxsusluqlarına yiyələnmiş və qısa zaman ərzində böyük müvəffəqiyyətlər qazanmışdır. 1922-ci ildə nəşrini Bakıda, artıq sovet Azərbaycanında bərpa etmiş «Molla Nəsrəddin» jurnalına Ə.Əzimzadənin dəvəti ilə Q.Xalıqovun, İ.Axundovun, H.Əliyevin, K.Dorşun, Ə.Hacıyevin, H.Zeynalovun və digər rəssamların gəlişi artıq Azərbaycanda böyük karikaturaçı rəssamlar ordusunun olmağından xəbər verirdi. 1920-30-cu illər Azərbaycanda «Əqrəb», «Tikan», «Damğa», «İdarəmizin güzgüsü», «Məzəli», «Allahsız» və s. satirik jurnallar dərc olunmuş, rəssamlarımız öz karikaturaları ilə dövri mətbuat səhifələrində mütəmadi olaraq çıxış etmişlər.

İkinci Dünya müharibəsi dövründə əsasən vətənpərvərlik mövzusunda təbliğat plakatları, antifaşist karikaturaları olduqca kəskin təsir gücünə malik idi. Düşmənə satiranın əli ilə zərbə vuran Ə.Əzimzadə, Q.Xalıqov, İ.Axundov, H.Əliyev, S.Şərifzadə, S.Salamzadə, N.Vlasov kimi karikaturaçı rəssamlarımızın bu şərəfli işdə xidmətləri danılmazdır. 30-cu illərdən Azərbaycanda heç bir satirik jurnalın çap olunmadığını nəzərə alsaq, 1952-ci ildə «Kirpi» satirik jurnalının nəşrə başlanması dövrün, zamanın tələbi idi. «Kirpi» jurnalının nəşrə başlanması karikatura janrının inkişafında müstəsna rol oynamış və bu sahədə yeni ənənələrin yaranmasına təkan vermişdir. Əsasən, Sovet ideologiyasına xidmət etməsinə baxmayaraq, «Kirpi» jurnalı müxtəlif nəsillərə mənsub olan peşəkar karikaturaçı rəssamları bir araya gətirə bildi. Nəcəfqulu İsmayılov, Ziya Kərimbəyli, Pyotr Şandin, Həsən Haqverdiyev, Sadıq Şərifzadə, Vsevolod Ternavski, Rizvan Quliyev, Ələkbər Zeynalov, Adil Quliyev kimi rəssamların çəkdikləri karikaturalar öz mənası, ictimai-siyasi dəyəri ilə yadda qalmışdır. Cəmiyyətdə «Kirpi» jurnalının papulyarlığı karikatura janrına marağın artması, peşəkar rəngkar rəssamların bu sahəyə müraciət etməsi ilə müşayiət olundu. 1950-1960-cı illərdə Azərbaycanın görkəmli rəssamları Mikayıl Abdullayev, Tahir Salahov, Oktay Sadıqzadə, Kazım Kazımzadə, Altay Hacıyev, Davud Kazımov və başqaları by sahədə layiqli əsərlər yaratmışlar. İncəsənətin həyatla əlaqəsinin getdikcə möhkəmlənməsi, yüksək bədiilik, sənətkarlıq, novatorluq, ifadə mədəniyyətinin kamilliyi naminə aparılan axtarışlar yaradıcı kadrların ildən-ilə çoxalması karikatura sahəsində də özünü göstərirdi. Beləliklə, 1960-1970-ci illərdə bu sahədə çalışan rəssamlarımızın sayı sürətlə artırdı. Rahib Qədimov, Arif Ələsgərov, Eduard Abdullayev, Faiq Əliyev, Viktor Tatarintsev, Məmmədəli İsmayılov, Elturan Avalov, A.Anisimov, Qərib İdrisov, Yavər Əsədov, Bayram Qasımxanlı və başqa rəssamların bu sahədə peşəkar işləri son nəticə etibarı ilə Azərbaycan karikatura sənətini zənginləşdirmişdir. 1980-ci illərdə Azərbaycan karikaturaçılarının sıraları müasir dünya karikaturası ilə səslənən, eyni zamanda milli-mənəvi köklərə bağlı olan, yenilik axtarışında olan gənc rəssamların gəlişi ilə yadda qaldı. Elman Mirzəyev, Vəfa İbrahimqızı, Bulud Qasımov, Seyran Cəfərli, Hafiz Nəsiroğlu, Nailə Salmanova, Bayram Hacızadə və başqaları «Kirpi» jurnalında eləcə də respublikada dərc olunan dövri mətbuat səhifələrində müxtəlif mövzulu karikaturaları ilə çıxış etmişlər. 1991-ci ildən Müstəqil Azərbaycanın karikatura sənəti yeni inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycan karikaturaçılarının dünyaya çıxışı, Beynəlxalq karikatura müsabiqələrində və festivallarında iştirakı və qazanılan uğurlar Yavər Əsədov, Elman Mirzəyev, Kirman Abdin, Seyran Cəfərli, Soltan Soltanlı, Hafiz Nəsiroğlu, Bayram Hacızadə kimi rəssamlarımızın adı ilə bağlıdır. Azərbaycanda müxtəlif təşkilatlarda çalışan bu istedadlı rəssamlar 2000-ci ildən «Azərbaycan Karikaturası», «Karikatura evi», «Karikaturaçılar Birliyi» və ya hər hansı bir jurnalın nəzdində ayrı-ayrılıqda fəaliyyət göstərmişlər. 2006-cı ildə «Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi»-nin yaradılması ilə bu pərakəndəliyə son qoyuldu. İlk günlər əsasən, 30-a yaxın üzvü olan Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin bu gün üzvlərinin sayı artaraq 100 nəfərdən artıqdır. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin əsas məqsədi bir əsrdən artıq tarixi olan Azərbaycan karikatura sənətini yaşatmaq, inkişaf etdirmək və beynəlxalq aləmdə təbliğ etməkdir. Eləcə də intelektual səviyyəli, vətənpərvər ruhlu rəssamlıq baxımından peşəkar karikaturaçılar yetişdirməkdir.