«100 illik karikatura tariximiz» kitabı
Prezident İlham Əliyev vurğulayır ki, ölkənin gücü, zənginliyi onun iqtisadi qüdrətində, eyni zamanda mənəvi gücündədir. Ona güc verən məhz mənəvi dəyərlərdir. Mənəvi dəyərlərimizi qorumaq daha da inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcudur. Cənab İlham Əliyevin 23 yanvar 2006-cı il tarixli sərəncamı da mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirilir. Həmin sərəncam Azərbaycan satirik publisistikasının təşəkkülü və inkişafında böyük rolu olan «Molla Nəsrəddin» jurnalının işıq üzü görməsinin 100 illik yubileyinin respublikada layiqincə qeyd edilməsi məqsədilə imzalanmışdır. Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin sədri Bayram Hacızadənin müəllifi olduğu «100 illik karikatura tariximiz» kitabında Azərbaycan karikaturasında «Molla Nəsrəddin» jurnalının təsviri sənətimizdəki əhəmiyyəti öz əksinin tapıb. Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin sədri Bayram Hacızadə «100 illik karikatura tariximiz» kitabının karikatura sevərlərə yubiley hədiyyəsi olduğunu bildirir. Müəllif eyni zamanda ilk satirik jurnal olan «Molla Nəsrəddin»in xalqın həyatının müxtəlif yönlərində, eləcə də milli mətbuat səhəsində nə kimi canlanma, oyanış yaratdığını geniş təhlil edir. O, həm ədəbi, həm də təsviri sənət hadisəsidir. «100 illik karikatura tariximiz» kitabında Oskar Şmerlinq, İosif Rotter, Əzim Əzimzadə, Y.V.Çəmənzəminli, B.R.Telinqator, İsmayıl Axundov, Hüseyn Əliyev, Qəzənfər Xalıqov, Davud Kazımov, Nəcəfqulu İsmayılov, Ələkbər Zeynalov, Sadiq Şərifzadə, Mikayıl Abdullayev, Adil Elçin, Bayram Hacızadə, Kirman Abdin, Böyükağa Yəhyayev və digər rəssamların dərin və mənalı karikaturaları təsvir olunub. Müəllif Bayram Hacızadənin qeyd etdiyi kimi, sənətsevərlər üçün maraqlı olan cəhətlərdən biri də budur ki, hamımızın peşəkar boyakarlar kimi tanıdığımız Hüseyn Əliyev, Mikayıl Abdullayev, Kazım Kazımzadə, Tahir Salahov, Oqtay Sadıqzadə və başqaları da karikatura yaradıcılığı ilə məşğul olublar. Eyni zamanda o da bildirilir ki, «Molla Nəsrəddin»in baş rəssamı kimi fəaliyyətə başlayan Əzim Əzimzadə öz ətrafında Hüseyn Əliyev, Qəzənfər Xalıqov, İsmayıl Axundov kimi karikaturaçıları toplaya bildi. Bununla da milli karikaturaçı kadrların formalaşmasına imkan yarandı. Kitabda təqdim edilən karikaturaların böyük əksəriyyətində Azərbaycanın keçdiyi inkişaf yolu, əldə etdiyi uğurlar öz əksini tapıb. Xalqın vətənpərvərlik ruhunda tərbiyyə edilməsində karikaturaların böyük əhəmiyyəti var. «100 illik karikatura tariximiz» kitabında da bu səpkili rəsmlər xüsusi yer tutur. Kitabın «Arzular» rubrikasındakı təsvirlərə diqqət yetirəndə Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar sadalanır, mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədələtli həllinə böyük inam hissi özünü qabarıq şəkildə büruzə verir. Kitabın sonunda hər birimizin səbirsizliklə gözlədiyi an qeyd olunub-torpaqlarımızı azad edək, əvvəlkindən də gözəl kəndlər, qəsəbələr salaq.
«Azərbaycan» qəzeti (9 avqust 2006-cı il)


