«Azərbaycan karikaturası dünən və bu gün» kitabı
Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin sədri Bayram Hacızadənin hazırladığı «Azərbaycan karikaturası dünən və bu gün» adlı kitabı artıq müəllifin bu sahədə çap olunan 3-cü kitabıdır. 100 illik bir dövrü əhatə edən kitabda «Molla Nəsrəddinin» ilk karikaturaçı rəssamları Oskar Şmerlinq, İosif Rotter, Əzim Əzimzadədən tutmuş müasir gənc rəssamların əsərlərinə qədər yüzlərlə karikatura yerləşdirilmişdir. Kitabda demək olar ki, Azərbaycanın bütün karikaturaçı rəssamlarının əsərləri və onlar haqqında kiçik məlumat var. Bu kitaba, Azərbaycan karikaturası haqqında kiçik dərslik desək yanılmarıq. Kitabı vərəqlədikcə avtomatik olaraq karikatura sənətimiz dövrlərə bölünür. Birinci dövr 1906—1920-ci illəri əhatə edir . Çar Rusiyası dövrü, rus qrafikasının Azərbaycan satirik sənətinə təsiri danılmazdır. Məhz bu dövr Azərbaycan karikatura sənətinin formalaşma dövrü olmasına baxmayaraq, ideya- estetik cəhətdən çox cəsarətli addımlar atılıb. İkinci 1922-1931-ci illəri əhatə edir. Sovet hökümətinin amansız senzurası get-gedə karikaturaya da təsir və təzyiq göstərirdi. İdeoloji cəhətdən onu özünə tabe etməyə çalışır, rəssam azadlığı, sənətkar təxəyyülünü ram etməyə yollar axtarırdı. Elə bu səbəbdən represiyaların hökm sürdüyü 1931-1952-ci ilə qədər ki, dövr karikatura sənətimizin süstlük dövrüdür. Karikatura sənətimizdə dördüncü dövr 1952-1990 illərdir. Bu illər «Kirpi» satirik jurnalının yaranması ilə bağlıdır. «Kirpi» sovet ideyalogiyasına xidmət etsə də əksər hallarda onun üçün müəyyən edilmiş hüdudları aşır. Məhz bu jurnalın səhifələrində Nəcəfqulu, P.Şandin, Z.Kərimbəyli, S.Şərifzadə, V.Ternavski, H.Haqverdiyev, A.Quliyev, R.Quliyev və başqa rəssamlar öz cəsarətli əsərləri ilə çıxış ediblər. Sonuncu dövr 1990-2006-cı illər artıq müstəqil Azərbaycanın karikatura sənətindən bəhs edir. Əzim Əzimzadə məktəbini yaşadaraq yeni müasir Azərbaycan karikaturasını inkişaf etdirib Beynəlxalq aləmdə layiqincə təmsil etməyə hazır olan, yeni karikaturaçı rəssamlar nəsli yetişib. 2006-cı ildə Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin yaranması ilə əlaqədar bu janra marağın hiss olunacaq dərəcədə artmağı, müşahidə olunur. Son illər bu səhədə görülən işlər, keçirilən tədbirlər, nəşr olunan kitab və albomlar haqqında, kitabda məldumat verilir. Beynəlxalq müsabiqə və festivallarda rəssamlarımızın iştirakı və nəaliyyətləri, qazandıqları mükafatlar geniş işıqlandırılıb. Bayram Hacızadənin gərgin əməyinin nəticəsində ərsəyə gələn «Azərbaycan karikaturası dünən və bu gün» kitabı Respublikada karikaturanın inkişafına xidmət edəcək bir əsərdir. Karikatura isə rəssamlıqla yanaşı eyni zamanda güclü intellekt göstəricisidir. Böyük mədəniyyət və güclü intellekt Azərbaycanımızın gələcək qələbələrinin təminatçısıdır.

