











Dünən Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi salonunda «Molla Nəsrəddin» jurnalının 101 illiyinə həsr olunmuş «Azərbaycan karikaturası dünən və bu gün» adlı sərginin açılışı olmuşdu. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan «Kariaturaçı Rəssamlar Birliyi»nin təşkilatçılığı ilə ərsəyə gələn bu sərgidə onlarla klassik və müasir rəssamların ən yaxşı sənət əsərləri nümayiş olunurdu. Sərgini giriş sözü ilə açan Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov bildirdi ki, Azərbaycan karikaturası sahəsində son zamanlar əldə edilmiş bir sıra nailiyyətlər qrafikanın monoqrafik şəkildə müstəqil tətbiqinə əsas yaratmışdır. F.Xəlilov sərginin təşkilində və karikaturamızın inkişaf tarixinə dair kitabların nəşr olunmasında xidmətlərinə görə Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin sədri Bayram Hacızadəyə minnətdarlığını bildirdi, ona yeni-yeni yaradıcılıq uğurları arzuladı. Tədbirdə çıxış edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru akademik Ömər Eldarov da bu sərginin əhəmiyyətindən danışdı və dedi ki, karikatura, əslində güldürmək üçün deyil düşündürmək üçündür. Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin sədri Bayram Hacızadə də çıxış edərək karikatura sənətinin inkişafı üçün belə tədbirlərin təşkilinin vacibliyini vurğuladı. B.Hacızadə mədəniyətə və sənətə göstərdiyi qayğıya görə, ölkə başçısı İlham Əliyevə, Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə, Rəssamlar İttifaqına minnətdarlığını bildirdi. Tədbirdə iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Leyla Axundzadə də karikaturaçı rəssamlarımıza uğurlar arzuladı və nazirliyin onların bundan sonrakı fəaliyyətlərində yardımçı olacağını söylədi. Tədbirdə Bayram Hacızadənin müəllifi olduğu yeni çapdan çıxmış «Azərbaycan karikaturası dünən və bu gün» adlı kitabını təqdim edən professor Leyla Axundzadə bu kitabın karikatura sahəsində əhəmiyyətli nəşrlərdən olduğunu bildirdi. Son 100 il Azərbaycan Karikatura tarixini əhatə edən, bu sahədə çalışan rəssamların həyatını və yaradıcılığını ətraflı işıqlandıran bu kitabın vacibliyindən söz açdı. Müəllifə minnətdarlığını bildirdi. Sonra Azərbaycan karikatura sənətində əldə etdiyi uğurlara və ölkəmizi xaricdə yüksək səviyyədə təmsil etdiklərinə görə, bir neçə rəssama- Yavər Əsədova, Bulud Qasımova, Bayram Qasımxanlıya, Elman Mirzəyevə, Vəfa Allahyarovaya, Seyran Cəfərliyə fəxri diplomlar təqdim edildi. Azərbaycan və Misir karikaturaçıları arasında dostluq və əməkdaşlıq münasibətlərini möhkəmləndirdiyinə görə, Azərbaycan karikaturasının və tarixinin Misirdə və başqa ölkələrdə təbliğində göstərdiyi xidmətlərə görə, FECO-nun (Beynəlxalq Karikaturaçılar Təşkilatları Birliyi) Misir qrupunun prezidenti Məhəmməd Effat İsmayıl Xüsusi Fəxri Diplomla təltif olundu. Bütün bunlar bir həqiqətin təsdiqidir ki, Azərbaycan xalqı öz mədəniyyətinə və sənət adamlarına nəinki hörmət və sayğı ilə yanaşır, hətta onların əməyini qiymətləndirməyi də bacarır. Təbii ki, belə bir mühitdə sənət və sənətkar yalnız yaşaya, yarada və inkişaf edə bilər.
«İki sahil» 07 aprel 2007
«Azərbaycan karikaturası dünən və bu gün» adlı sərginin açılışı